“MƏİŞƏT ZORAKILIĞINA QARŞI MÜBARİZƏ KAMPANİYALARININ, MAARİFLƏNDİRMƏ İŞLƏRİNİN APARILMASI VƏ ZORAKILIĞA MƏRUZ QALAN İNSANLARA SOSİAL-PSİXOLOJİ VƏ HÜQUQİ XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ” LAYİHƏSİNƏ START VERİLİR

Uşaqlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmamışdır. Uşaqlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb. Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə dövlət və qeyri-hökumət təşkilatlarının bu sahədə həyata keçirdiyi tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, uşaqlara qarşı zorakılıq Azərbaycanda da hələ mövcuddur.
Məişət zorakılığı, o cümlədən uşaqlara qarşı məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə, Azərbaycanda 2010-cu ildə “Məişət Zorakılığının qarşısının alınması” haqqında qanun qəbul edilmişdir. Bununla yanaşı, məişət zorakılığına məruz qalmış uşaqların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyası mühüm məsələlərdən biri kimi dəyərləndirilir. 2011-ci ildə qəbul edilmiş “Sosial xidmət haqda” Azərbaycan Respublikası qanunun tətbiqi sayəsində məişət zorakılığından əziyyət çəkən şəxslərə sosial, tibbi, hüquqi və psixoloji yardımın göstərilməsi məqsədilə icma əsaslı xidmətlərin yaradılması daha geniş vüsət almağa başlamışdır. Belə ki, 2011-ci ilin avqust ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyinin Uşaq müdafiəsi və De-institusionalizasiya idarəsi, İnsan Hüquqları üzrə Müvəkkilin dəstəyi ilə Ümidli Gələcək Gənclər İctimai Birliyi tərəfindən Bakıda “Zorakılıq və Cinayət Qurbanı olmuş Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi” yaradılmışdır. Fəaliyyət göstərdiyi 6 il ərzində mərkəzdə zorakılıq və cinayətin qurbanı olmuş 400-dən çox uşaq reabilitasiyaya cəlb edilmişdir. Reabilitasiya keçən uşaqların 80%-dən çoxu məhz məişət zorakılığından zərər çəkmişdir.
Regionlarda məişət zorakılığının qurbanı olmuş uşaqların sosial, psixoloji və hüquqi reabilitasiyasını təmin etmək üçün 2017-ci ilin May ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 6 rayon üzrə (Quba, İsmayıllı, Goranboy, Göygöl, Ağdam, Zərdab) hər rayonda 40-a yaxın məişət zorakılığının qurbanı olan uşaqlar, gənclər və onların ailələri ilə “Məişət zorakılığına qarşı mübarizə kampaniyalarının, maarifləndirmə işlərinin aparılması və zorakılığa məruz qalan insanlara sosial-psixoloji və hüquqi xidmətlərin göstərilməsi” layihəsi həyata keçiriləcəkdir. Hər rayon üzrə qeydiyyatda olan ailələr haqqında məlumatlar toplanacaq, ailələrin problemləri müəyyən ediləcək və müvafiq problem üzrə sosial-psixoloji və hüquqi xidmət göstəriləcəkdir. Bununla yanaşı, ailələrin problemlərinin həlli istiqamətində yerli rayon strukturları və dövlət qurumları ilə sıx əməkdaşlıq qurmaqla məişət zorakılığının profilatikası və zorakılıq hallarının qarşısının alınmasına nail olunacaqdır.

Leave a Reply