“Erkən nikahlar və onların fəsadları” mövzusunda tədbir keçirilib

http://azertag.az/xeber/Erken_nikahlar_ve_onlarin_fesadlari_movzusunda_tedbir_kechirilib-1043675

İctimai Səhiyyə və İslahatlar Mərkəzi Prezident yanında Bilik Fondu ilə birlikdə Bakının Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə tədbir keçirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə “Erkən nikahlar və onların fəsadları” mövzusunda müzakirə və maariflənmə işi aparılıb.

Mərkəzin mütəxəssisi Aysel Əkbərzadə məktəblilərə uşaq hüquqları haqqında Beynəlxalq Konvensiyalar və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verərək bildirib ki, erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığı və gələcək həyatına mənfi təsir göstərir, ailədaxili zorakılıq hallarını ortaya çıxarır.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin başqa bir mütəxəssisi Cəmilə Kərimova erkən yaşlarda nikaha daxil olan yeniyetmələrin reproduktiv sağlamlıqla bağlı problemlər yaşadığı, eləcə də ana və uşaq ölümləri barədə bəhs edib. Onun sözlərinə görə, gələcək nəslin sağlamlığı yeniyetmə qızların – gələcək anaların sağlamlığından birbaşa asılıdır və həmin dövrdə yeniyetmə orqanizmdə bəzi xroniki xəstəliklər kəskinləşir.

Natiq diqqəti erkən ailə quran yeniyetmələrin təhsilinin də böyük sual altında qaldığına yönəldib: “Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və gənc yaşda evdar qadına çevrilir, bir müddətdən sonra həyatından şikayətlənməyə başlayır”.

Təlimlərdə erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və onun qarşısının alınması üçün son illərdə həyata keçirilən və aparılan mübarizə tədbirləri barədə iştirakçılara məlumat verilib.

İnteraktiv formada keçirilən tədbirin sonunda iştirakçılara mərkəzin hazırladığı maarifləndirici materiallar paylanılıb.

Leave a Reply