Liderlik Məktəbinin on altıncı açılış mərasimi olub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılmış və Ombudsmanın Uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik Məktəbində on altıncı tədris ilinin açılış mərasimi keçirilib.

GSR.fm xəbər verir ki, tədbirə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Səbail Rayon İcra Hakimiyyətinin məsul nümayəndələri, adı çəkilən məktəbə cəlb olunmuş yeni üzvlər, habelə əvvəlki buraxılışların məzunları, ümumən 100-dən artıq uşaq, həmçinin valideyn və müəllimlər qatılıb.

Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev Müvəkkil Elmira Süleymanovanın adından iştirakçıları bu günlərdə qeyd olunan 18 oktyabr – Azərbayan Dövlət Müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. O, bu günün Azərbaycanın tarix salnaməsinə xalqımızın öz dövlət müstəqilliyini, milli azadlığını əldə etdiyi əlamətdar hadisə kimi daxil olduğunu diqqətə çatdırıb, ölkəmizin dövlətçiliyinin dərin köklərə malik olduğunu, ikinci dəfə öz müstəqilliyinə qovuşduğunu vurğulayıb, aparılan davamlı inkişaf siyasəti sayəsində respublikanın daha da qüdrətlənməsi, insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının bərqərar olması, təhsil, səhiyyə və sosial sahədə, Azərbaycanın zəngin mədəniyyətinin inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında böyük uğurlar əldə edildiyini söyləyib.

F.Ağayev müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycanın keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və Dağlıq Qarabağ problemi ilə üz-üzə qalması, mərhum prezident Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin inkişaf etdiyini bildirib. O, bu siyasəti uğurla davam etdirən ölkə başçısı İlham Əliyevin siyasəti nəticəsində ölkədə uşaq hüquqlarının təmin olunması istiqamətində mühüm işlər görüldüyü, eyni zamanda Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət yetirdiyi vurğulayıb.

Bununla yanaşı, bu ilin “Multikulturalizm ili” elan olunduğu, bir çox beynəlxalq və respublika miqyaslı tədbirlərin keçirildiyi və bu təşəbbüslərin beynəlxalq miqyasda rəğbətlə qarşılandığı qeyd olunub. Dövlət başçısının 11 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün ölkədə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunmasının qərara alındığının və bununla bağlı Tədbirlər Planının təsdiq edildiyinin əhəmiyyəti diqqətə çatdırılıb.

Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Ombudsmanın çoxşaxəli fəaliyyəti, uşaq hüquqları üzrə pilləli tədris layihəsi barədə məlumat verilib, uşaqlar üçün Ümumdünya hərəkatının respublikamızda geniş vüsət aldığı, on altı ilə yaxın müddətdə müntəzəm fəaliyyət göstərən Liderlik Məktəbinin bunun bariz nümunəsi olduğu bildirilib.

Qeyd olunub ki, bu məktəb uşaqların öz iştirakı ilə onların həyatında dönüş yaratmaq, onların hərtərəfli inkişafına, dünyagörüşünün zənginləşməsinə, Uşaq Hüquqları Konvensiyasının müddəalarına uyğun olaraq öz hüquqlarını öyrənməsinə və trenerlər kimi bu hüquqları öz yaşıdlarına öyrətməsinə, onlara vətənpərvərlik hissinin aşılanmasına, uşaqların liderlər kimi yetişməsinə xidmət edir.

Bakının müxtəlif rayonlarındakı ümumtəhsil məktəbləri şagirdlərinin təmsil olunduğu Liderlik Məktəbini bu günədək mindən çox məzunun bitirdiyi, burada “Azərbaycan – yurdum mənim!” devizi ilə uşaqlara ölkəmizin zəngin tarixi, coğrafiyası, təbii sərvətləri, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatı, turizmi və başqa sahələr üzrə bilgilər verildiyi, vətənpərvərlik tərbiyəsinin, yurdsevərlik hissinin aşılandığı, habelə, insan hüquqları, o cümlədən uşaq hüquqlarının öyrədildiyi qeyd olunub. Bu məktəbdə Azərbaycanın tanınmış ziyalıları ilə görüşlərin, interaktiv məşğələlərin uşaqların daha çox biliklər əldə etməsinə, vətənpərvərlik ruhunda yetişməsinə kömək etdiyi bildirilib.

Həmçinin Müvəkkilin təşəbbüsü ilə hər il olduğu kimi, oktyabrın 20-dən noyabrın 20-dək respublikada “Uşaq hüquqları aylığı”nın elan olunduğu, bununla bağlı müvafiq təşkilatlara müraciət edildiyi, dövlət qurumlarının, şəhər və rayon icra hakimiyyətlərinin, QHT-lərin, icmaların və uşaqların fəal iştirakı ilə çoxsaylı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu vurğulanıb.

Qonaqlar təmsil etdikləri qurumların uşaq hüquqları ilə bağlı prioritetlərini, respublikada uşaq və gənclər siyasətinin uğurla davam etdirildiyini qeyd edib, bu gün böyük uğurlara imza atmış Liderlik Məktəbində birləşən uşaqların bilik və intellektual səviyyəsindən, fəal vətəndaşlar kimi tərbiyələnməsindən məmnun olduqlarını vurğulayıb.

Görüşün sonunda Ombudsman Aparatının şöbə müdiri ötən ilin məzunlarına sertifikatlar təqdim edib, yeni üzv olan uşaqlara uğurlar arzulamış, biliklərə mükəmməl yiyələnməyi, ahəngdar inkişaf etməyi, vətənə, xalqımıza sadiq övladlar kimi yetişməyi tövsiyə edib.

Leave a Reply