Hüquq müdafiəçisi mərhum Nazir Quliyev yad edilmişdir

Press Reliz

Uşaq Hüquqları Üzrə Azərbaycan QHT Alyansının və “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri, hüquq müdafiəçisi mərhum Nazir Quliyevin xatirəsi yad edilmişdir.

Tədbirdə “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin yeni rəhbərliyi ictimaiyyətə təqdim edilmiş, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq oktyabrın 20-dən noyabrın 20-dək Respublikamızda qeyd edilən “Uşaq hüquqları aylığı“na Uşaq Hüquqları Üzrə Azərbaycan QHT Alyansının və Nazir Quliyevin ənənəvi olaraq qoşulduğu müxtəlif tədbirlərin Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən də davam etdirilərək, uşaq hüquqlarının müdafiəsinə tövhə verilməsi ətrafında müzakirələr aparılmışdır.
Tədbirdə Ombudsman Aparatının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Təhsil Nazirliyinin, Ailə, Qadın və uşaq komitəsinin, Milli QHT Forumunun, Ədliyyə Akademiyasının, UNICEF-in Azərbaycan nümayəndəliyinin, icra hakimiyyətlərinin, polis idarələrinin əməkdaşları və QHT rəhbərləri, ictimaiyyət nümayəndələri, mərhumun dostları və ailə üzvləri də iştirak etmişdir.
Çıxışlarda Nazir Quliyevin tanınmış QHT rəhbəri və mütəxəssis kimi uşaq hüquqlarının müdafiəsi, xüsusilə baxımsız və çətin tərbiyə olunan uşaqlarla iş sahəsində xidmətləri xüsusilə qeyd edilmiş, xüsusi həssaslıqlahüquqi maarifləndirmə, QHT sektorunun inkişafı istiqamətində məqsədyönlü addımları, Yuvenal Ədliyyə sahəsində müxtəlif araşdırmaları, dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində faydalı təklif və tövsiyələri ilə yanaşı etibarlı dost, savadlı, məsuliyyətli və hərtərəfli şəxsiyyət kimi daim yaddaşlarda qalacağı urək yanğısı ilə ifadə edilmişdir

Tədbirin sonunda hər il uşaq hüquqlarının qorunmasında xidmətlərinə görə hüquq müdafiəçisi Nazir Quliyev adına uşaq hüquqlarının qorunmasında ən fəal QHT təmsilçisi mükafatının təsis edilməsi qərara alınmışdır.

“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin
informasiya və ictimaiyyətlə əlaqələr departamenti

Leave a Reply