Rayon, kənd və qəsəbələrdə “Erkən nikahların qarşısının alınması sahəsində” maarifləndirmə

MƏTBUAT ÜÇÜN AÇIQLAMA

Erkən nikah problemi ölkəmizdə mövcud olan aktual problemlərdən biridir. Respublikamızda yuxarı siniflərdə təhsil alan qız uşaqlarının təhsildən yayınması, erkən yaşda ailə qurmağa məcbur edilməsi hallarına hələ də rast gəlinir. Belə nikahlar isə sonradan müxtəlif ciddi fəsadlar yaradır. Erkən hamiləlik təkcə sonradan doğulan körpənin deyil, ananın da həyatını təhlükə qarşısında qoyur. Bu cür nikahların yaratdığı daha bir problem də gənclərin təhsildən yayınması və cəmiyyət üçün sağlam olmayan nəslin yetişməsi, əlilliyi olan uşaqların doğulmasıdır. Sağlamlıq və inkişaflarına olan riskdən başqa, qızların 18 yaşdan tez nikaha daxil olmaları onları həm də fiziki, cinsi və psixoloji zorakılıq qurbanına çevirə bilər. Həm beynəlxalq sazişlər və konvensiyalar, həm də milli qanunvericiliyə əsasən erkən nikahların yolverilməz olduğu aydın görünür. Azərbaycan Respublikasının Ailə Məcəlləsində “erkən nikah” termininin dəqiq təyinatın olmadığını, lakin həmin sənədin 10.1-ci maddəsinin müddəları bu fenomeni mövcud qanunvericilikdə nəzərdə tutulmuş nikah yaşı tamam olmadan bağlanmış nikah kimi dəyərləndirildiyini görmüş oluruq. Bundan əlavə, dövlətimiz tərəfindən ratifikasiya olunmuş “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” BMT-nin Konvensiyasının 16.2-ci maddəsində “Uşağın nişanlanması və nikahı hüquqi qüvvəyə malik deyil…” müddəası əks olunmuşdur.
Son illərdə ölkədə erkən nikahların qarşısının alınması və uşaq hüquqlarının müdafiəsi istiqamətində əhəmiyyətli tədbirlər görülüb. Bunlardan misal kimi, qanunvericilik bazasının təkmilləşdirilməsi, o cümlədən, nikaha daxil olmaq üçün minimum yaş həddinin həm qızlar, həm də oğlanlar üçün bərabər olaraq 18-ə qaldırılması, qadının nikaha daxil olmağa məcburetmə zamanı cəzaların daha da sərtləşdirilməsini, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı Mübarizə İdarəsi və həmçinin, Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondu və Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bir çox yerli QHT-lər tərəfindən icmalar səviyyəsində maarifləndirmə tədbirlərinin aparılmasını qeyd etmək olar. Çoxsaylı tədqiqatlar göstərir ki, erkən nikahların yayılmasına gətirib çıxaran əsas amillərdən biri ailələrin və yerli icma nümayəndələrinin erkən nikahın qısa və uzunmüddətli neqativ fəsadları barədə məlumatlı olmamasıdır.
Qeyd olunan problemləri nəzərə alaraq, Ümidli Gələcək Gənclər təşkilatı Azərbaycan Respublikasının Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 2016-cı ilin avqust-dekabr ayları ərzində Mingəçevir, Yevlax, Quba, Xaçmaz, Qusar, Lənkəran və Masallı rayonlarında “Erkən nikahların qarşısının alınması sahəsində maarifləndirmə” layihəsini həyata keçirməyi planlaşdırır. Layihənin əsas məqsədi ucqar kənd və qəsəbələrdə yaşayan uşaqların (əsasən də, qız uşaqlarının) insan alverinin və erkən nikahın qurbanı olmamaları üçün maarifləndirici seminar və təlimlərin təşkili, psixoloji dəstək mexanizmlərinin işlənməsi, uşaq qaynar xətt xidmətinin təşviqi ilə uşaqların psixoloji və emosional dəstək mexanizmlərinin əlçatanlığının təmin edilməsi, erkən nikahların bəzən səbəb olduğu uşaq intiharlarının profilaktikasının aparılması və sağlam ailə və sağlam nəslin yetişməsinə dəstək verməkdir. Həyata keçirilən layihədə 700-dən çox uşaq və icma üzvlərinin maariflənməsi nəzərdə tutulubdur.

Leave a Reply