Uşaq hüquqları üzrə QHT Alyansının Ümumi Yığıncağı, 31 Oktyabr 2014

Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli sosial şəraitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Uşaqların hüquqlarını qorumaq onların sosial təhlükəsizliyini, emosional vəziyyətlərinin stabil saxlanması, sağlam şəxsiyyətlər olaraq formalaşmasını təmin etmək deməkdir.

Azərbaycanda uşaq problemlərinə cəmiyyətin və aidiyyatı dövlət qurumlarının diqqətinin cəlb edilməsi, onların həllində dövlət, qeyri-hökumət və biznes qurumlarının, habelə fərdi şəxslərin səylərinin səfərbər olunması xüsusi əhəmiyyət kəsb edir. 2003-cü ildən özündə 85 milli QHT-ni birləşdirən Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı bir çox dövlət və qeyri-hökumət təşkilatları, biznes qurumları və fərdlərlə əməkdaşlıqda və onların dəstəyilə Azərbaycanda uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirir.

Əhalinin sosial müdafiəsi zəif olan təbəqələrinin problemlərinin həllinə töhvə vermək, cəmiyyətin diqqətini həmin problemlərə cəlb etmək, habelə onların həllində QHT-hökumət əməkdaşlığının gücləndirilməsi məsələlərini müzakirə etmək üçün Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı  iki illik ictimai vəkillik proqramı hazırlamışdır. Bu proqram çərçivəsində Uşaq Hüquqları naminə ChildPact Regional Koalisiyası və Rumıniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə, həmçinin 20 oktyabr-20 noyabr tarixlərinin İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən “Uşaq Aylığı” elan edildiyini nəzərə alaraq, 31 oktyabr 2014-cü tarixində saat 09:30-dan 13:00-dək Park İnn otelinin “Nəsimi” zalında Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının Ümumi Yığıncağı keçirilmişdir.

İclasda QHT-lərin son iki ildəki fəaliyyəti, QHT Alyansının gələcək strateji inkişaf hədəflərinin formalaşdırılması müzakirə olunmuş, QHT Alyansına yeni İdarə Heyəti, İdarə Heyətinin Sədri və Milli Koordinator seçilmişdir.

 

 

Leave a Reply