Archives for November2014


Uşaqlar bİzİm gələcəyİmİzdİr. Heç bİr uşaq kənarda qalmamalidir.

Bizə qoşulun

Ucar Regional Mərkəzin açılışı, 18 noyabr 2014

Regionlarda zorakılığın qurbanı olmuş uşaqların sosial, psixoloji və hüquqi reabilitasiyasını təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı və Ucar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Mərkəzi Aran rayonlarını əhatə etməklə Ucar rayonunda “Məişət zorakılığına məruz qalmış uşaq və gənclər üçün Ucar Regional Sosial Reabilitasiya Mərkəzi” təsis edilmişdir. Yeni yaradılmış Mərkəzin açılışı 18 noyabr 2014-cü il tarixində Ucar rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində keçirilmişdir. Yaradılmış mərkəz cinsi, fiziki, psixoloji və emosional zorakılıq, habelə etinasızlıqla üzləşmiş, istismar, o cümlədən, əməyin istismarı, pornoqrafiya ilə bağlı fəaliyyətlərə sövq və ya məcbur edilmiş, işgəncə, kobud və alçaldıcı rəftar və məcburi yerdəyişməyə məruz qalmış və valideynləri və ya digər ailə üzvlərinin itkisindən psixoloji sarsıntı keçirmiş uşaq və gəncləri, habelə onların ailələrini sosial, psixoloji və hüquqi xidmətlərlə təmin edəcəkdir.
Açılış mərasimində Ucar rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Mərkəzi Aran rayonlarının Polis İdarələri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar və KİV nümayəndələri iştirak etmişdirlər.

Uşaq hüquqları üzrə QHT Alyansının Ümumi Yığıncağı, 31 Oktyabr 2014

Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli sosial şəraitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Uşaqların hüquqlarını qorumaq onların sosial təhlükəsizliyini, emosional vəziyyətlərinin stabil saxlanması, sağlam şəxsiyyətlər olaraq formalaşmasını təmin etmək deməkdir.

Azərbaycanda uşaq problemlərinə cəmiyyətin və aidiyyatı dövlət qurumlarının diqqətinin cəlb edilməsi, onların həllində dövlət, qeyri-hökumət və biznes qurumlarının, habelə fərdi şəxslərin səylərinin səfərbər olunması xüsusi əhəmiyyət kəsb edir. 2003-cü ildən özündə 85 milli QHT-ni birləşdirən Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı bir çox dövlət və qeyri-hökumət təşkilatları, biznes qurumları və fərdlərlə əməkdaşlıqda və onların dəstəyilə Azərbaycanda uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirir.

Əhalinin sosial müdafiəsi zəif olan təbəqələrinin problemlərinin həllinə töhvə vermək, cəmiyyətin diqqətini həmin problemlərə cəlb etmək, habelə onların həllində QHT-hökumət əməkdaşlığının gücləndirilməsi məsələlərini müzakirə etmək üçün Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı  iki illik ictimai vəkillik proqramı hazırlamışdır. Bu proqram çərçivəsində Uşaq Hüquqları naminə ChildPact Regional Koalisiyası və Rumıniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə, həmçinin 20 oktyabr-20 noyabr tarixlərinin İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən “Uşaq Aylığı” elan edildiyini nəzərə alaraq, 31 oktyabr 2014-cü tarixində saat 09:30-dan 13:00-dək Park İnn otelinin “Nəsimi” zalında Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının Ümumi Yığıncağı keçirilmişdir.

İclasda QHT-lərin son iki ildəki fəaliyyəti, QHT Alyansının gələcək strateji inkişaf hədəflərinin formalaşdırılması müzakirə olunmuş, QHT Alyansına yeni İdarə Heyəti, İdarə Heyətinin Sədri və Milli Koordinator seçilmişdir.